Scratch - kod yazmadan ilk proqramınızı qurun
- 02 Fevral 2024
- 5 dəqiqə
Scratch, proqramlaşdırma öyrənmək istəyənlərin kod yazmazdan əvvəl alqoritma və proqramlaşdırma dünyası ilə tanış olması üçün MIT (Massachusetts Institute of Technology) tərəfindən hazırlanan, olduqca möhtəşəm alətdir. Biraz daha rəsmi ifadə edəsi olsaq:
Scratch - blok əsaslı vizual proqramlaşdırma dilidir. Proqram əsasən məktəb yaşlı uşaqların istifadəsi üçün nəzərdə tutulsa da, daha geniş və hər yaşdan auditoriya tərəfindən istifadə olunur.
Harvard universiteti tərəfindən təqdim olunan CS50 (Komputer elmlərinə giriş) adlı onlayn kursda da ilk dərs bu proqrama həsr olunur. Özüm də həmin kursa iştirak etmişəm və ilk proyektim elə Scratch üzərində olub. Heç bir kod yazmadan, sadəcə bloklardan istifadə edərək “Traffic Racer” adlı oyun qurmuşdum.
Videodan da göründüyü kimi, bir çox maraqlı ideyaları burada reallaşdırmaq mümkündür.
Scratch bulud əsaslı proqramdır. https://scratch.mit.edu linki üzərindən qoşula bilərsiniz. Səhifə açıldığı anda “Start creating” düyməsini sıxmaq kifayətdir.
Proqramı həmçinin https://scratch.mit.edu/download linkinə keçid edərək Windows və ya Mac əməliyyat sistemləri üçün yükləyə də bilərsiniz.
İndi isə Scratch ilə tanış olaq.
Daxil olduqda belə bir ekranla ilə qarşılaşacaqsınız.
Sol hissədə müxtəlif alqoritmaları icra edən müxtəlif formalı puzzle blokları mövcuddur.
Bu blokların üzərində alqoritmanın nə olduğu adətən yazılır. Məsələn, aşağıdakı bloka baxaq.
Bloqun çox uzanmaması üçün bütün blokları nəzərdən keçirməyəcəyik. Əvəzində blokları kəşf etməyi sizə buraxacam 🤝🤩
Kəşfiyyata başlamamışdan əvvəl sizinlə kiçik bir proqram quracağıq. Proqram bizim adımızı soruşacaq və bizi adımızla salamlayacaq.
Bunun üçün əvvəlcə “Events” hissəsinə keçirik və “When flag clicked” blokunu mausumuzla sıxıb sürüşdürərək ortaya, kod bloklarımızın olacağı hissəyə gətirib buraxırıq.
Diqqət etsəniz, bu blokun üstündəki yaşıl bayraq işarəsi ilə kodun icra olunduğu səhnənin yuxarısındakı bayraq eynidir.
Bu o deməkdir ki, proqram bizim bayrağa klik etməyimizi gözləyir. Klik etdikdə həmin bloka birləşmiş digər bloklardakı alqoritmalar işə düşəcək. Hal-hazırda birləşik heç bir blok olmadığı üçün heç nə baş verməyəcək.
İndi isə kod blokları hissəsində “Sensing” bölməsinə keçirik və “ask what is your name and wait” blokunu sürüşdürüb ortaya gətiririk və “when flag clicked” blokuna birləşdiririk.
Birləşdirdikdən sonra proqramı başlatmaq üçün yuxarıdakı bayraq düyməsinə klik vurduqda, sağda, kod nəticəsinin səhnələndiyi yerin aşağısında adımızı yazmağımız üçün bölmə açılacaq.
Adımızı yazıb “Enter” düyməsini sıxsaq belə yenə heç nə baş verməyəcək. Çünki pişiyin adımızı deməsi üçün uyğun alqoritma blokunu əlavə etməmişik.
İndi isə kod blokları olan hissədə “Looks” hissəsinə keçirik və orada “Say Hello!” adlı blokdan iki ədədini ortaya gətirib mövcud alqoritmamıza birləşdiririk.
İndi isə gəlin proqramımızı işə salaq. Əvvəlcə ikinci blokdakı Hello sözünü dəyişib adımı qeyd edirəm. Ardınca proqramı işə salıram və adımı soruşduğu zaman oraya Elmir yazıram.
Yəqin ki, qəribəliyi siz də hiss etdiniz. Pişik Hello demədən birbaşa adımı dedi. Adımı soruşduqda isə Elmir yazsam da, pişik Elmir adını çəkmədi. Gəlin bu iki məsələnin səbəblərini aydınlaşdıraq.
Birinci məsələ.
Pişik Hello demədən birbaşa adımı demiş kimi görünsə də, əslində Hello da deyir. Lakin komputer hər iki sözü eyni anda işə saldığı üçün proses o qədər sürətli gedir ki, biz sadəcə sonuncu yazını, yəni mənim adımı görürük.
İkinci məsələ.
Pişik adımı soruşduqda Elmir daxil edirəm. Amma pişik daxil etdiyim adı görə bilmir. Çünki burada alqoritmamız yarımçıqdır. Sualın cavabının olduğu kod blokunu da alqoritmamıza qoşmalıyıq.
İlk olaraq birinci problemimizi aradan qaldırmaq üçün “Say” adlı blokdan birini alqoritmamızdan çıxarırıq və əvəzində kod blokları hissəsində “Operators” hissəsinə keçib “join apple banana” blokunu alqoritmamıza qoşuruq. Bu blok iki ayrı sözü bir-birinə birləşdirməyə kömək edir. Ardınca isə həmin blokun üzərində apple sözünü dəyişib Hello edirik, banana sözünü dəyişib adımızı yazırıq. Sonra isə yuxarıdakı bayraq düyməsinə klikləyib proqramımızı işə salırıq.
Gördündüyü kimi ilk problemimiz həll oldu. İndi isə keçək ikinci problemin həllinə.
Pişiyin daxil etdiyimiz adı deməsi üçün kod blokları hissəsində “Sensing” hissəsinə qayıdırıq və “ask what is your name and wait” blokunun altındakı “answer” blokunu sürüşdürüb alqoritmamıza birləşdiririk. Həmin blok, suala verdiyimiz cavabı özündə saxlayır. Birləşdirdikdən sonra proqramımızı işə salıb yoxlayaq.
Göründüyü kimi proqramımız artıq nəzərdə tutulan formada işləyir.
Təbii ki, bu çox kompleks bir proqram deyil. Amma yeni başlayanlar üçün bir növ təcrübə oldu. Həm kod bloklarını kəşf edə biləsiniz deyə, həm də daha kompleks proyektin necə qurula biləcəyini nəzərdən keçirə bilməyiniz üçün öz hazırladığım “Traffic Racer” adlı oyunun proyekt faylını bura əlavə edirəm. Onu Scratch üzərində necə işə salacağınızı aşağıdakı video vasitəsilə öyrənə bilərsiniz.
Faylı buradan yükləyin.