Hansı IT ixtisasını seçməliyəm?

  • 16 Yanvar 2024
  • 13 dəqiqə
computer image

Proqramçı karyeramda demək olar ki, ən tez-tez eşitdiyim sual budur:

"Filankəs İT sahəsinə keçid etmək istəyir. Səncə hansı sahəyə keçsin? Haranı məsləhət görürsən?"

Təəssüf ki, bu suala verilə biləcək konkret cavab yoxdur. Çünki, İT sahəsinə keçid etmək istəyənlər başqasının məsləhət gördüyünə deyil, özünə uyğun gördüyü sahəyə yönəlməlidir.

Çox vaxt seçim zamanı əsas rol oynayan meyar qazanc olur. Məqsəd o olur ki, qazanc hansı sahədə daha çoxdursa, Filankəsi ora yönəldək. Belə olduqda isə təcrübədə bunun çox şahidi olmuşuq ki, əgər tək motivasiya puldursa və görülən işə həvəs yoxdursa məsləhət görülən sahəni müəyyən müddət sonra yarımçıq buraxırlar. Buna görə də, yaxşı olar ki, hansı sahəyə yönəlmək istədiyini həmin şəxs özü müəyyən etsin. Hansı sahənin özünə uyğun olduğunu müəyyən edə bilməsi üçün də, təbii olaraq, İT-də mövcud olan sahələrdən və onların nələrdən ibarət olduğundan xəbəri olmalıdır. Elə bu yazıda da məhz bundan danışacağıq 🥳

Sahələrin sayı həddən çox olduğu üçün ölkəmizdə də tələb olan bir neçə ixtisas haqqında qeyd edəcəm.

 

UX&UI dizayner

Bu sahə tam İT sahəsi sayılır deyə bilmərik. Amma belə bir reallıq var ki, bütün web saytlar, proqramlar və digər rəqəmsal tətbiqlərin hamısının dizaynını UX&UI dizayner hazırlayır. Buna görə də, gəlin, bu haqda da biraz öyrənək.

UX (User Experience - istifadəçi təcrübəsi) dizayner adından da bəlli olduğu kimi, istifadəçinin saytdan və ya tətbiqdən istifadə zamanı yaşadığı təcrübəni, maksimum şəkildə yaxşılaşdırmağa, rahatlaşdırmağa, user-friendly (istifadəçi dostu) sayt və ya tətbiq təcrübəsi hazırlayan mütəxəssisdir. 

Məsələn, bir online kitab mağazası saytını nümunə kimi götürək. Həmin online mağazanın istifadəçiləri saytda gəzməyin narahatlığından, axtarılan kitabın tapılmasında və sifarişin həyata keçirilməsində çətinlik çəkdiklərindən şikayət edirlər. Mağazanın sahibi saytdakı istifadəçi təcrübəsini daha da təkmilləşdirməyi, bununla da, satışları artırmağı və daha çox istifadəçi əldə etməyi hədəfləyir. Elə bu məqamda da UX dizaynerin işi başlayır.

UX dizayner həmin istifadəçilərin təcrübələrini, nəyə üstünlük verdiklərini, nədə çətinlik çəkdiklərini və s. bir çox məlumatları araşdırır. Təbii ki, rəqib mağazaların saytlarını və ya tətbiqlərini də nəzərdən keçirməyi unutmur. Toplanan məlumatlar analiz edildikdən sonra isə UX dizayner mövcud interfeysdə dəyişikliklər etməyə və ya ehtiyac olarsa, interfeysi yenidən qurmağa başlayır. Bu prosesdə, məsələn, UX dizayner axtarış formunun saytın ortasında olmasını uyğun görmür və onu saytın ən yuxarı hissəsində olmasını qərara alır. Beləliklə, axtarış hissəsi istifadəçilər üçün daha əlçatan olacaq. Başqa bir nümunə: “Sifariş vermək üçün saytda mütləq hesabın olmalıdır” qaydasını dəyişir və hesab açmadan sifariş etmək mümkün olur və s.

UX dizaynerin hazırladığı interfeysin görünüş olaraq cəlbedici olması üçün isə UI dizayner işə başlayır.

UI (User Interface - istifadəçi interfeysi) dizayner saytın və ya tətbiqin vizual elementlərinin görünüşünü, rənglərini, istifadə olunacaq yazı şriftini və s. müəyyən edən, vizual cəlbediciliyini yaxşılaşdırmağa çalışan şəxsdir. Məsələn, “Sifariş et” düyməsinin rənginin sarı olmasını, şriftinin 16px olmasını və s. UI dizayner müəyyən edir. 

Saytın və ya tətbiqin son halını hazırlamaq üçün UX və UI dizaynerlər birlikdə çalışır.

Ölkəmizdə isə 95% hallarda UX&UI dizayner eyni adam olur. Yəni həm interfeysi qurur, həm də onun dizaynını hazırlayır.

 

Frontend proqramçı

Frontend proqramçının işi web proyektlərin interfeysinin (görünüşünün) kodlaşdırılmasıdır. Yəni, UX&UI dizaynerin hazırladığı dizaynı koda çevirən mütəxəssisdir.

Məsələn, bu bloqun görünüşünü UX&UI dizayner hazırlayır. Ancaq onu web sayta, brauzerin başa düşə biləcəyi dilə çevirmək üçün kodlaşdırmaq lazımdır. Bunu isə frontend proqramçı edir. Bu zaman istifadə olunan alətlər - HTML, CSSJavascript olur. HTML bir web saytın strukturunu, skeletini müəyyən edir. CSS, HTML-in nə cür görünəcəyini müəyyən edir. Javascript isə HTML-ə interaktivlik, funksionallıq qatır. 

 

Backend proqramçı

Backend proqramçı frontend proqramçının kodlaşdırdığı dizaynın funksional hissələrini qurur. Ümumilikdə backend saytın və ya tətbiqin səhnə arxasıdır. Backend hissədə məlumatlar emal olunur, gələn sorğular icra olunur və nəticə yenidən frontendə göndərilir.

Məsələn, siz “Sifariş et” düyməsini sıxdıqda, backend hissəyə frontend hissədən sizin həyata keçirmək istədiyiniz əməliyyatla bağlı sorğu göndərilir. Həmin sorğuda, sizin sifariş zamanı doldurduğunuz məlumatlar yer alır. Həmin məlumatların backend hissədə uyğunluğu yoxlanılır, almaq istədiyiniz məhsulun stokda mövcud olub-olmaması yoxlanılır, hər hansısa digər biznes məntiqi varsa tətbiq edilir (nüm. hər ikinci məhsula 20% endirim tətbiq edilir), əgər hansısa problem yaranmırsa, məlumatlar məlumat bazasına yazılır, sifarişiniz qeydə alınır və sizin sifarişinizin nəticəsi backend tərəfindən frontend tərəfə göndərilir. Frontenddə isə nəticəyə uyğun olaraq vizual görünüş ortaya çıxır. Backend hissədə istifadə olunan proqramlaşdırma dillərinə nümunə olaraq Java, PHP, Node js (Javascript), Python, C# və s. dilləri nümunə göstərə bilərik.

 

Full stack proqramçı

Full stack proqramçı həm frontend, həm də backend developerin gördüyü işi tək başına görür. Yəni, hər ikisinin birləşməsidir, deyə bilərik. Bundan əlavə, full stack proqramçı serverin qurulması və optimizasiyası, məlumat bazasının idarə edilməsi kimi digər biliklərə də malikdir. 

 

 

Android proqramçı

Android proqramçı adından da bəlli olduğu kimi android əməliyyat sistemli cihazlar üçün tətbiqlər hazırlayan mütəxəssisdir.

Android, Google tərəfindən hazırlanan əməliyyat sistemidir. Daha çox, smartfonlarda, planşetlərdə, ağıllı tv-lərdə istifadə olunur. Proqramlama üçün istifadə olunan proqramlaşdırma dilləri JavaKotlin-dir.

 

iOS proqramçı

iOS proqramçı isə iOS əməliyyat sistemi ilə işləyən cihazlar üçün tətbiqlər hazırlayan mütəxəssisdir. Bu cihazlara iPhone, iPad və iPod touch daxildir. Proqramlama üçün istifadə olunan dillər Objective-C, əksərən isə Swift-dir.

Android və iOS proqramçı da eyni web proqramçı kimi UX&UI dizaynerin hazırladığı dizayna uyğun olaraq tətbiqi hazırlayır. 

 

Flutter proqramçı 

Mobil tətbiqləri hazırlamaq üçün Flutter adlı alətdən də istifadə olunur. Flutter ilə siz bir kod bazası ilə bir neçə platforma üçün tətbiq hazırlaya bilərsiniz.

Məsələn, Flutter ilə iOS və Android üçün ayrı-ayrı kod yazmadan, bir dəfə kod yazmaqla, siz onu həm iOS, həm də Android tətbiq olaraq istifadəyə verə bilərsiniz. Bu tip yanaşmaya cross-platform app development deyilir. Yəni bir kod ilə bir neçə platformaya çıxış. Yuxarıda qeyd etdiyim Android və iOS development isə native app development adlanır. Flutter üçün istifadə olunan proqramlama dili Dart dilidir.

 

İT biznes analitik

Biznes analitik tam olaraq İT ilə əlaqəli şəxs deyil. Daha çox İT sahəsi ilə biznes sahələri arasında körpü rolunu oynayır. Biznes analitikin işi biznesin tələblərini, strukturunu, siyasətini və hədəflərini analiz etmək və buna uyğun olaraq qarşıdakı hədəflərə çatmaq və biznesi irəli aparmaq üçün müvafiq həllər təklif etməkdir. Cari biznesin müxtəlif sahələrindən tələbləri öyrənir, hazırkı biznes proseslərini analiz edir, onların diaqramını, prototiplərini, bir sözlə vizual modellərini hazırlayır, həm proqramçı komandası, həm də müvafiq biznes sahələri ilə daim əlaqədə olaraq, tələblərin və gözləntilərin tam aydınlığına və hər iki tərəfdən qarşılandığına əmin olur. Biznes analitiklər bir biznes prosesinin həm biznes, həm də texniki tərəfi ilə bağlı biliklərə malik olan mütəxəssislərdir. 

 

QA tester

QA (quality assurance - keyfiyyət təminatı) tester sadə dildə desək web saytların, tətbiqlərin, proqram təminatlarının nəzərdə tutulduğu kimi işləyib-işləmədiyini yoxlayan mütəxəssisdir. Proqram təminatındakı xətaları, səhvləri, boşluqları aşkarlayır, aradan qaldırılması üçün proqramçı komandasına yönləndirir. Buna görə də, QA testerlər proqramçıların gözünün düşmənidir də deyə bilərik 😁

 

 

Həmçinin QA testerlər bir İT komandasının olmazsa olmazlarındandır.

Məsələn, bir QA tester olaraq siz, bir onlayn mağazada aşkarlaya bilərsiniz ki, ödəniş məbləği 3.6 azn olduğu halda, müştərinin hesabından 4 azn çıxılır. Bu, olduqca kritik bir boşluqdur və bu halda istifadəyə buraxılan məhsul bir sıra problemlərə səbəb olacaqdı. Amma QA tester bunu vaxtında aşkarladığı üçün artıq istifadəyə buraxılma vaxtı belə bir boşluqdan söhbət gedə bilməz. 

QA testerlər bütün testlərini manual - yəni bildiyimiz şəkildə, məhsulu istifadə edərək yoxlamır. Testləri mümkün qədər avtomatlaşdırır. Belə olan halda, vaxta və enerjiyə də qənaət etmiş olur. "Necə avtomatlaşdırır?" desəniz, təbii ki, proqramlaşdırma ilə. Yəni testerin yazdığı kod, onun əvəzinə proqram təminatını yoxlayır. Bunun üçün istifadə olunan alətlərdən biri Selenium-dur. Selenium müxtəlif proqramlaşdırma dillərindən istifadə etməklə (Java, Python, C#, Ruby və s.) web brazuerlərdə etdiyimiz əməliyyatların avtomatlaşdırılmasına kömək edir.

Məsələn, QA testerin yazdığı kod onun əvəzinə, məhsulun ödəniş səhifəsini açır, lazımi məlumatları doldurur və göndərir. Əgər uğurlu cavab alırsa, testi keçmiş sayılır. Əgər almırsa, kodda uğurlu hesab olunan cavabdan başqa cavab gəlirsə və ya xəta baş verirsə, deməli məhsulda hansısa problem var (QA testerin yazdığı avtomatlaşdırma kodunda problem olmadığını nəzərə alsaq).

 

Sistem administrator

Sistem administratoru hər hansısa bir qurumun kompüter və şəbəkə sistemlərinin qurulmasını və problemsiz fəaliyyət göstərməsini təmin edən mütəxəssisdir. Qurumların İT infrastrukturunun sağlam, təhlükəsiz, optimal şəkildə fəaliyyət göstərməsinin təmin edilməsində böyük rol oynayır. Sistem administratorlar Windows və ya Linux əməliyyat sistemli qurğuların, verilənlər bazasının, bulud infrastrukturunun idarə olunması kimi sahələrdə ixtisaslaşırlar.

Məsələn, kiçik bir nümunə kimi:

Hər hansısa web sayt qurulduqdan sonra onu hansısa bir serverdə yerləşdirmək lazımdır və həmin serverdə saytın işləyə bilməsi üçün uyğun mühit qurulmalıdır (saytın yazıldığı dilin server tərəfindən başa düşülməsi üçün müvafiq proqramların qurulması, müvafiq icazələrin təmin edilməsi və s.). Bu kimi işlər sistem administrator tərəfindən aparılır.

 

Devops mühəndis

Devops (Development and Operations - Proqramlama və əməliyyatlar) mühəndis sadə dildə desək, həm bir developerdir, həm də bir sistem administrator. Yəni, bir məsələyə hər iki aspektdən baxmağı bacarmalıdır. Devops mühəndisin işi hər hansısa proqram təminatının “deployment” prosesini asanlaşdırmaq və mümkün qədər avtomatlaşdırmaqdır. 

Deployment - bir proqram təminatının hər hansısa bir mühitdə işlək hala gəlməsi, əlçatan edilməsi prosesidir.

Professional mühitdə hər hansısa bir proqram təminatı development (proqramlama) mərhələsindən production (istifadəyə buraxılma) mərhələsinə qədər müəyyən proseslərdən keçir. Məsələn, bu iki mərhələ arasında testing (keyfiyyətin test edilməsi) və ya code analysis (yazılan kodun səmərəliliyinin və ya oxunaqlılığının yoxlanıldığı və s.) mərhələsi ola bilər. Bütün bu mərhələlərin və bu mərhələlərə daxil olan proseslərin qurulması devops mühəndis tərəfindən aparılır. 

 

Database administrator

Database (Məlumat bazası) administratoru məlumat bazasının dizaynını, idarəetməsini, təhlükəsizliyini və performansının qorunmasını təmin edən mütəxəssisdir. Məlumat bazası, adından da göründüyü kimi, bir qurumun bütün məhsullarının məlumatlarının saxlanıldığı mühitdir. Yəni, olduqca kritik komponentdir. Bu səbəblə database administrator olduqca vacib və tələb olunan ixtisaslardan biridir. 

Database administratorun işi Database Management System (Məlumat bazasının idarə olunması sistemlərinin) qurulması (Oracle, MySQL, Microsoft SQL Server, PostgreSQL və s), təhlükəsizliyinin təmin edilməsi (həmin sistemlərə girişi olan istifadəçi hesablarının yaradılması, onların əməliyyatlarının müəyyən çərçivədə məhdudlaşdırılması, həssas məlumatların şifrələnməsi və s.), məlumat itkisinin qarşısını almaq üçün ehtiyat nüsxələrin yaradılması, ümumi nəzarətin təmin edilməsidir. 

 

PL/SQL proqramçı

PL/SQL (Procedural Language/Structured Query Language - Prosedur dili/Strukturlaşdırılmış sorğu dili) proqramçı yuxarıda qeyd etdiyimiz məlumat bazasının idarə edilməsi sistemlərindəki məlumatların manipulyasiyasını (əlavə etmək, silmək, dəyişmək, prosedurlar yazmaq və s.) aparan mütəxəssisdir. PL/SQL dili xüsusi ilə Oracle məlumat bazasının manipulyasiyası üçündür. 

 

Penetration tester (Ethical hacker)

Penetration tester kiber hücumları simulyasiya edərək proqram təminatlarındakı, web saytlardakı, şəbəkələrdəki təhkükəsizlik boşluqlarını müəyyən edən mütəxəssisdir. 

 

Photo: https://www.coresecurity.com/blog/day-life-pen-tester

 

Penetration testerin işi İT infrastrukturunun, proqram təminatlarının təhlükəsizlik cəhətdən sağlam olduğundan əmin olmaq, kiberhücumlardan müdafiəni təkmilləşdirməyi təmin etmək, təhlükəsizliyin qorunması ilə bağlı tövsiyələrin verilməsidir.

Məsələn, yəqin ki, siz də hansısa böyük şirkətlərdə məlumat sızıntısı ilə bağlı xəbərlərlə qarşılaşmısınız. Həmin bu məlumat sızıntılarının baş verməməsi üçün öncədən bütün lazımi struktur təhlükəsizlik cəhətdən test edilir, boşluqlar varsa, aradan qaldırılır, penetration testerin tövsiyələrinə uyğun olaraq təhlükəsizlik təkmilləşdirilir. Bununla belə, şahidi olduğumuz kimi, 100% təhlükəsizlik deyə bir şey mövcud deyil.

 

 

Əgər yuxarıda danışdığımız ixtisaslar sizin üçün yenidirsə, daha öncə məlumatınız yox idisə, həmin ixtisaslara yiyələnmək sizə çətin görünə bilər. Amma bu sahədəki bir mütəxəssis kimi sizi əmin edirəm ki, həvəsiniz olduqdan sonra qarşınızda heç nə dayana bilməyəcək və əmin olun ki, heç kim dünyaya İT mütəxəssisi olaraq gəlməyib. Hər biri yavaş-yavaş öyrənib və öyrənməyə davam edir. Onlardan biri də siz ola bilərsiniz 🤜🤛

 

Salam, gözəl insan! Paylaşdığım məzmunları faydalı və dəyərli hesab edirsinizsə, kofe alaraq mənə dəstək göstərə bilərsiniz. Aldığınız kofelər yeni faydalı məzmunlar olaraq bloqda yerini alacaqdır. Dəstəyinizə görə sizə minnətdaram ☕️😊
Mənə kofe al

Bloq kateqoriyaları

Marağınıza uyğun yazılar tapmaq üçün aşağıdakı kateqoriyalardan istifadə edə bilərsiniz

Abunə olun

Yeni yazılar haqqında bildiriş əldə etmək, həmçinin xüsusi olaraq abunəçilərə göndərilən faydalı məlumatları əldə etmək üçün abunə olun