Proqramlaşdırma öyrənmək üçün ingilis dilini bilmək vacibdirmi?
- 23 Yanvar 2024
- 5 dəqiqə

Proqramlaşdırmaya başlamaq istəyənlərin ən çox verdiyi suallardan biri də budur:
İngilis dilini bilmək vacibdirmi?
Demək olar ki, bütün proqramlaşdırma dilləri ingilis dilinə əsaslanaraq hazırlanıb. Nəinki proqramlaşdırma dilləri, elə komputerlərin özündə istifadə olunan ilkin dil ingilis dilidir. Buradan belə nəticəyə gələ bilirik ki, ingilis dili mütləqdir. Amma mən öz təcrübəmdə ingilis dilini bilməyən proqramçılarla qarşılaşmışam. Təcrübələri haqqında çox məlumatım olmayıb. Karyera pilləsində hansı mərhələyə qədər gəlib çata biliblər, xəbərdar deyiləm. Amma fakt budur ki, var.
Bəs nəyə görə ingilis dili İT sahəsində bu qədər üstünlük təşkil edir?
Hər şeydən öncə, İT sahəsində istər kommunikasiya olsun, istər texniki tapşırıqların, README faylların oxunması, yazılması və s. olsun, adətən vahid bir dildən - ingilis dilindən istifadə olunur. Çünki bu şəkildə beynəlxalq aləmə də çıxış əldə etmiş olurlar. İngilis dilinin nəinki İT sahəsində, eləcə də bütün dünyada dominant dil olmasını nəzərə alsaq, burada da ingilis dilinin vahid dil kimi seçilməsi olduqca normaldır.
Bundan əlavə hazırlanan proqramlaşdırma dillərinin əksəriyyəti ingilis dilli ölkələrdə hazırlanıb. Hətta ingilis dilli olmayan ölkələrdə hazırlanan proqramlaşdırma dilləri belə, müəllifləri tərəfindən beynəlxalq bazara çıxa bilməsi üçün, özünə yer tuta bilməsi üçün ingilis dilində hazırlanır. İngilis dilində hazırlanır deyərkən nəzərdə tutduğum, həmin proqramlaşdırma dillərində kodlaşdırma zamanı istifadə olunan açar sözlərin, həmçinin məlumat sənədlərinin (documentation) ingilis dilində olmasıdır. Bu məsələni ümumiləşdirəsi olsaq əgər:
Proqramlaşdırma üçün vahid bir standarta ehtiyac var idi və standart olaraq ingilis dili seçildi.
Bəs bu standart nə kimi üstünlük qazandırır?
Sadə bir nümunə ilə bu sualı cavablayaq.
Bir proqramçının açar sözləri ərəb dilindən ibarət olan bir proqramlaşdırma dilində kod yazdığını düşünün. Bu proqramçı 5 il, 6 il sonra işdən ayrılır və onun proyekti başqa bir ərəbcədən qəti anlayışı olmayan, amma bu sahədə kifayət qədər bacarıqlı bir proqramçıya keçir. İndiki halda digər proqramçı işi davam etdirə bilməsi üçün ya ərəb dili öyrənməlidir, ya həmin proqramlaşdırma dilinin ərəbcə açar sözlərini və onların nə işə yaradığını əzbərləməlidir (Allah başqa dərd verməsin 🤯), ya da oturub həmin proyekti öz dilində yenidən yazmalıdır.
Digər bir variant kimi isə şirkət həm ərəb dilini, həm də həmin dildə hazırlanmış proqramlaşdırma dilini bilən yeni əməkdaş axtarmalıdır. Bu hal da öz növbəsində axtarış bucağını xeyli daraldır. Arzuolunan əməkdaşı tapmaq çətinləşir.
İndiki halda isə milliyətindən, irqindən, dilindən, cinsindən asılı olmayaraq proyektləri işləyən proqramçılar rahatlıqla əvəz olunur. Tək ehtiyac, proyekti qəbul edən proqramçıların həmin proyektin yazıldığı proqramlaşdırma dilini bilməsidir. Yeni əməkdaş tələb olunursa, rahatlıqla yenə də hansısa asılılıq olmadan axtarış etmək mümkün olur. Çünki artıq yalnız ərəbdilli əməkdaşlar üçün yox, bütün dünya üzərində axtarış edilir.
İngilis dilini bilmək nə kimi üstünlük qazandırır?
Bu sahədə ingilis dilini bilməklə siz, digər ingilis dilini bilməyənlərdən 1-0 öndə başlayacaqsınız. İngilis dilinin standart dil olduğunu nəzərə alaraq:
- Proqramlaşdırmada istifadə olunan alətlər haqqında məlumat sənədləri (documentation) adətən ingilis dilində olur. İngilis dilini bilməklə sənədi oxuyub alət haqqında rahatlıqla birbaşa mənbəyindən məlumat əldə etmiş olacaqsınız.
- İngilis dilini bilmək sizin beynəlxalq proqramçı cəmiyyətinə (programmer community) rahatlıqla daxil olmanıza kömək edəcək. Məsələn, hər hansısa problemlə qarşılaşırsınızsa və həll edə bilmirsinizsə, bunu digər proqramçılarla paylaşıb onların köməyini ala bilirsiniz. Bu sahədə stackoverflow.com əvəzedilməzdir 🫶
- İngilis dilini bilmək beynəlxalq bazara çıxışınızı təmin edəcək. Yəni tək ölkəmizdə deyil, həmçinin xarici şirkətlərdə də işləmə şansı əldə edəcəksiniz.
- İngilis dilini bilmək proqramlaşdırmanı daha rahat qavramanıza kömək edəcək. Məsələn, “print” açar sözü bir çox proqramlama dilində mətni ekrana çap etmək üçündür. Bu açar sözün nə işə yaradığını əzbərləməklə də öyrənə bilərsiniz. Ya da bu sözün hərfi tərcümədə “çap etmək” olduğunu bildiyiniz üçün əzbərləməyə ehtiyac qalmır. Buna görə də, nə vaxtsa ekrana mətn çap etmək istəsəniz, “print” açar sözünü xatırlamağınız xeyli asanlaşacaq.
- Proqramlaşdırma sahəsi çox dinamik sahədir. Bu gun istifadə olunan texnologiya bir il sonra və ya 6 ay sonra artıq köhnəlmiş sayılacaq və əvəzində daha təkmilləşdirilmiş alternativlər buraxılacaq. Bu dəyişikliyi, texnologiyalar haqqındakı yenilikləri izləyə bilməniz üçün ingilis dili sizə kömək olacaq.
- Hal-hazırda bazarda proqramlaşdırma dillərindən əlavə, ingilis dilini bilmək də üstünlük hesab olunur. Digər namizədlərlə rəqabət apara bilməyiniz üçün ingilis dili bilməyiniz lazım olacaq.
- Proqramlaşdırma ilə bağlı bilik mənbələrinin (onlayn kurslar, kitablar, bloqlar və s.) əksəriyyəti ingilis dilindədir. Bu mənbələrdən faydalanmaq üçün, təbii olaraq, ingilis dilini bilməlisiniz.
Bu danışdıqlarımızdan sonra əsas sualımıza qayıdaq.
Proqramlaşdırma öyrənmək üçün ingilis dilini bilmək vacibdirmi?
- Bəli.
İngilis dilini bilmədən proqramlaşdırma öyrənmək mümkün deyil?
- Mümkündür. Amma bu halda sizi qarşıda çətiiin bir yol gözləyir 😪
Ümumilikdə, bu sualı mənə verənlərə hər zaman tövsiyəm o olur ki, əgər proqramlaşdırmaya yeni başlayırsınızsa və ya dili bilmədən bir şəkildə indi olduğunuz mərhələyə gəlmisinizsə belə, ingilis dilini öyrənməyə mütləq vaxt ayırın. İngilis dilini “su kimi” bilməyinizə ehtiyac yoxdur. Ən azı pre-intermediate səviyyəsində bilik əldə etsəniz, əmin olun ki, sizə çox köməyi olacaqdır.